Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İsmayıllıda “Regional Gənclərin I İnkişaf Forumu” keçirilib

24.08.2021

24 avqust 2021-ci il tarixində İsmayıllı İntellektual Oyunlar Klubunun nəzdində yaradılan İsmayıllı Regional Gənclərin Resurs Mərkəzinin təşkilatçılığı, İsmayıllı Rayon İcra Hakimiyyəti, İsmayıllı Regional Mədəniyyət İdarəsi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, ASAN Könüllülük Məktəbi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə pandemiya qaydaları çərçivəsində İsmayıllıda “Regional Gənclərin I İnkişaf Forumu” keçirilib.

Forum dövlət himninin səsləndirilməsi və şəhidlərin bir dəqiqəlik sükut ilə yad edilməsindən sonra öz işinə başlayıb. Forumun keçirilməsində əsas məqsəd region gənclərinin inkişafını təmin etmək, məşğulluğa cəlb etmək və regionda onların inkişafı üçün müəyyən şərait yaratmaqdan ibarətdir.

Qeyd edək ki, regionda gənclər sahəsində birgə fəaliyyətin səmərəliliyinin artırılması üçün İsmayıllı Regional Mədəniyyət İdarəsi, İsmayıllı İntellektual Oyunlar Klubu və İsmayıllı rayon Gənclər və İdman İdarəsi arasında anlaşma memorandumu imzalanmışdır. Bundan sonra regionda gənclərin inkişafı ilə bağlı layihələr birgə icra olunacaqdır.

Forumda qonaqları salamlamaq üçün ilk söz İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Şahin Hüseynova verilib. Şahin müəllim bildirib ki, regionda gənclərin inkişafı üçün dövlət tərəfindən hər cür dəstək göstərilir. İsmayıllıya yeni investorlar və layihələr cəlb edilir. Dövlət gənclər siyasəti regionlarda öz qaydasında davam edir. Region gəncləri yerli və beynəlxalq təmsilçilikdə ölkəmizi layiqincə təmsil edir.

Daha sonra isə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclər Təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayevə söz verilib. O, gənclər siyasəti ilə bağlı çıxış edib. Daha sonra regionlarda bu formatda forumların təşkilinin və region gənclərinin inkişafının hazırda çox önəmli məsələlərdən olduğunu qeyd edib, gənclərə göstərilən dövlət qayğısının hər zaman olduğunu və davam edəcəyini bildirərək əlavə edib.

Forumun təşkilatçısı İsmayıllı İntellektual Oyunlar Klubu İctimai Birliyinin sədri Azad Manaflı söz üçün səhnəyə dəvət olunub. A.Manaflı çıxış edərək gənclərin intellektual yetişməsində regionda fəaliyyət göstərən gənclər təşkilatlarının əvəzsiz rol oynadığını bildirib. Könüllülük proqramları, gənclərin inkişaf modeli və gənc kadrların yetişdirilməsində təşkilatlar hər zaman öndə olub. Bu gün də dövlət siyasətinin bariz nümunəsidir ki, gənclərimiz üçün bu şərait yaradılır və gənclərə yol göstərilir.

Daha sonra isə forum panel sessiyası olaraq davam edib. İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən mədəniyyətə, milli- mənəvi dəyərlərin qorunub saxlanılmasına göstərilən yüksək diqqət və qayğıdan söz açmış,  mədəniyyətin təbliği və inkişaf etdirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirmişdi. Həmçinin İsmayıllı Regional Mədəniyyət İdarəsinin fəaliyyəti, strukturu, keçirilən layihələrlə bağlı ətraflı məlumat vermiş, gəncləri maraqlandıran sualları cavablandırmışdır. Daha sonra forumda məşğulluq, mədəniyyət, regionda gənclər siyasəti, könüllülüyün imkanları və sahibkarlıq barədə spikerlər dinlənildi və gənclərin maraqlı sualları spikerlər tərəfindən cavablandırıldı. Forumda İsmayıllı gəncləri ilə yanaşı Qəbələ, Şəki və Kürdəmir gəncləri də iştirak etmişdir. Sonda isə gənclər ilə xatirə fotoları çəkildi.