Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Milli Kitabxanada “Cəmiyyətin intellektual inkişafında kitab və mütaliənin rolu” mövzusunda konfrans keçirilib

23.04.2021

Aprelin 23-də Milli Kitabxanada Dünya Kitab və Müəllif Hüquqları Günü ilə əlaqədar “Cəmiyyətin intellektual inkişafında kitab və mütaliənin rolu” mövzusunda konfrans keçirilib. Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə gerçəkləşib.

Konfransı giriş sözü ilə Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq əlamətdar günün tarixi barədə məlumat verib.

Direktor “Ulu öndər Heydər Əliyev kitab və mütaliənin rolu haqqında” mövzusunda çıxış edib. Bildirilib ki, ümummilli lider mədəniyyətimizə, mənəvi dəyərlərimizə həmişə böyük qayğı ilə yanaşıb və bu diqqət milli-mənəvi dəyərlərimizi yaşadan Milli Kitabxanadan da yan keçməyib. 1995-1997-ci illərdə ulu öndər Milli Kitabxananı 4 dəfə ziyarət edib və ilk gəlişində bu kitabxanaya öz şəxsi kitabxanasından 300 nüsxəyə yaxın kitab bağışlayıb. Hazırda həmin kitablar kitabxananın Heydər Əliyev guşəsində yer alır.

Konfransda çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev öncə Dünya Kitab və Müəllif Hüquqları Günü münasibətilə Mədəniyyət Nazirliyi adından bütün kitabsevərlərə təbriklərini çatdırıb. Bildirib ki, yaradıcı əməyin məhsulu olan kitab bilik mənbəyi və onu nəsildən-nəslə ötürən bir vasitədir. Bu baxımdan, Mədəniyyət Nazirliyi müəllif hüquqlarının qorunmasına, nəşriyyat fəaliyyətinə xüsusi önəm verir.

Vaqif Əliyev vurğulayıb ki, ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində onun kitab və kitabxana sahəsi, nəşriyyatlarla bağlı verdiyi müvafiq fərmanlar bu sahənin inkişafında mühüm rol oynayıb. Ümummilli lider ədəbiyyatımızın, mədəniyyətimizin, incəsənətimizin, milli-mənəvi dəyərlərimizin, kitab nəşri və müəlliflik hüquqlarının qorunması sahəsində ardıcıl tədbirlər görüb. Ölkəmiz müstəqillik qazandıqdan sonra isə Heydər Əliyevin rəhbərliyi ilə kitab nəşri və müəlliflik hüququ sahəsində zəngin qanunvericilik bazası yaradılıb. 1996-cı ildə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, 1998-ci ildə “Kitabxana işi haqqında”, 2000-ci ildə “Nəşriyyat işi haqqında”, 2003-cü ildə “Azərbaycan folkloru nümunələrinin hüququ qorunması haqqında” qanunların qəbul edilməsi bu sahənin inkişafına öz müsbət təsirini göstərib. Ulu öndərin uğurlu siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında, “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında”, “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında”, “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamları, eləcə də “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 6 sentyabr 2017-ci il tarixli fərmanı kitabın təbliği və müəllif hüquqları sahəsində uğurlu və sistemli tədbirlərin həyata keçirilməsinə təkan verib.

Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Milli Komissiyanın baş katibi Elnur Sultanov çıxış edərək tədbirin təşkilinə görə Mədəniyyət Nazirliyinə və Milli Kitabxanaya təşəkkürünü bildirib. Qeyd edib ki, UNESCO əlamətdar gün münasibətilə hər il çoxsaylı tədbirlər keçirir. Müasir dövrdə gənc nəslin elmə, biliyə olan marağının, kitaba olan tələbatının artırılması mühüm əhəmiyyət kəsb edir.

Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı “Kitab və mütaliənin kütləviləşdirilməsində Bakı Kitab Mərkəzinin rolu” mövzusunda çıxış edib. O, mərkəzin kitaba olan marağın artırılması istiqamətində gördüyü işlərdən, keçirilən tədbirlərdən danışıb.

Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid “Gənclər arasında kitab və mütaliənin təbliği” mövzusunda çıxış edərək bildirib ki, kitab bir nəslin o biri nəslə qoyub getdiyi mənəvi vəsiyyətdir.

Konfransda daha sonra AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, professor Məmməd Əliyev, Bakı Dövlət Universiteti Kitabxanaçılıq və informasiya fakültəsinin dekanı, dosent Ələmdar Cabbarlı və “Təhsil” nəşriyyatının direktoru Tural Axundovun çıxışları dinlənilib.

Sonda qonaqlar “23 aprel – Dünya Kitab və Müəllif Hüquqları Günüdür” başlıqlı sərgi ilə tanış olublar.

 

148.3 KB

 

103.4 KB

 

145.1 KB