Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

26 sentyabr Azərbaycan peşəkar vokal sənətinin banisi Bülbülün anım günüdür.

26.09.2020

Ustad xalq sənətkarları ilə şöhrət qazanmış, "Qafqazın konservatoriyası", Azərbaycanın musiqi beşiyi kimi məşhurlaşmış Şuşa şəhəri bizə digər sənət korifeyləri ilə yanaşı, həm də Azərbaycanda professional vokal məktəbinin banisi, qüdrətli müğənnimiz Bülbülün vətəni kimi əzizdir. Ecazkar səsi ilə hamını heyran qoyan xalq tərəfindən Bülbül adlandırılan sənətkarın əsl adı Murtuza Məşədi Rza oğlu Məmmədov olsa da, Azərbaycanda və onun hüdudlarından çox-çox uzaqlarda elə Bülbül kimi tanınmışdır. O, 1897-ci ildə Şuşada anadan olmuş və bu şəhərin ab-havası, sözlü-nəğməli, muğamla nəfəs alan mühiti onun sənətkarlığı üçün bəhrəli zəmin olmuşdur. O, ilk təhsilini də burada mədrəsədə almış, bir çox ustad xanəndələrin ilk musiqi biliyinə yiyələndiyi bir ocaqda – Molla İbrahimin məktəbində muğam sənətinin qanun-qaydalarını öyrənmişdir. Xüsusilə görkəmli xanəndə Cabbar Qaryağdı oğlu ona  sənətin çox sirlərini öyrətmişdir. Xalqın sevimlisinə çevrilmiş gənc Bülbülün şöhrəti doğma yurdunun sərhədlərini aşmış, professional xanəndə kimi o, ilk Azərbaycan operalarında da çıxış etmişdir.
         Klassik vokal sənətinə ustalıqla yiyələnən Bülbül milli köklərdən ayrılmayaraq, xalq musiqisi üçün səciyyəvi olan xüsusiyyətləri, ənənələri pozmayaraq, yeni üslub yaratmağa can atırdı. Bülbül Azərbaycan musiqisində yeni səhifə açmış, onun yaradıcılığı vokal sənətinin inkişafında mühüm mərhələ olmuşdur.  Milli professional vokal məktəbinin yaradıcısı Bülbülün ənənələri bütün Şərq vokal sənətinə böyük təsir göstərmiş, müasir ifaçılarımız üçün gözəl örnəyə çevrilərək bu gün də yaşamaqdadır. 26 sentyabr  Azərbaycan peşəkar vokal sənətinin banisi Bülbülün anım günüdür. O, mədəniyyətimizin, incəsənətimizin inkişafında əvəzsiz xidmətlər göstərmiş, böyük irs qoymuşdur.  Onun parlaq siması xalqımızın qəlbində daim yaşayacaq, müstəqil Azərbaycanın gələcək nəsilləri üçün örnək olacaqdır. Dahi korifeyimizi hörmətlə anırıq!

 

91.7 KB