Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi

İsmayıllı şəhəri
Azərbaycanın ən səfalı guşələrindən biri olan İsmayıllı rayonu Böyük Qafqaz dağlarının cənub yamaclarında dağlar və meşələr əhatəsində yaşıllığa qərq olmuşdur. Əsasən dağlıq relyefə malik olan bu rayonun ən uca nöqtəsi Babadağdır (3629 metr). Rayondakı meşələrin ümumi sahəsi 66799 hektardır. İsmayıllı rayonun təbiəti: dağ çayları, meşələr, qaylar, təbii və süni göllər, şəlalər, zəngin heyvanat və bitki aləmi burada olmuş hər kəsin qəlbində xoş təəssüratlar oyadır. Azərbaycanda mövcud olan 9 iqlim tipindən 3-ü İsmayıllı rayonunda təmsil edilmişdir. Aran ərazidə iqlim isti və mülayim, dağlarda isə soyuqdur. Yanvar ayında orta temperatur - 0,5 C, iyul ayında isə +23 C. Yağıntıların orta miqdarı ildə 584 mm-ə bərabərdir. Girdimançay, Göyçay və Ax-ox çayları bu rayonun ərazisindən keçir. Rayonda şəlalər də çoxdur: Qalacıq kəndinin yaxınlığındakı şəlalənin hündürlüyü 50 metr, İstisu kəndinin yaxınlığındakı şəlalənin - 25 metr, Burovdal kəndinin yaxınlığındakı şəlalənin - 50 metr, Müdrüsə kəndinin yaxınlığındakı şəlalənin hündürlüyü 25 metrdir. Babadağın yaxınlığında, dəniz səviyyəsindən 3400-3500 metr yüksəklikdə, bir-biri ilə yanaşı yerləşən üç təbii göl, eləcə də Kürdmaşı və Aşıqbayramlı kəndlərinin yaxınlığındakı iki süni göl bu rayonun inciləridir. Balıq ovu həvəskarları həmin göllərdə balıq tutmaq imkanlarından istifadə edə bilərlər. Zəngin bitki və heyvanat aləminə malik olan İsmayıllı rayonunda çoxlu dərman bitkiləri yetişir, burada nəcib maral, dağ keçisi, qaban, ayı, canavar, tülkü, dovşan və başqa heyvanlar yaşayır. 1969-cu ildə rayonun ərazisində sahəsi 5778 hektar olan İsmayılla qoruğu yaradılmışdır. İsmayıllı rayon ekologiya və təbii sərvətlər idarəsi tərəfindən (tel. 5 32 79) rayonun açıq ərazisində müvafiq mövsümdə ov etmək və balıq tutmaq üçün lisenziyalar verilir. Məşhur rus şairi Lermontov 1837-ci ildə İsmayıllının Tircan kəndində olmuş, burada tanınmış el aşığı Aşıq Orucla görüşmüşdür. Şair özünün «Aşıq Qərib» poemasını aşıq Orucun və Qusarlı aşıq Ləzgi Əhmədin dilindən eşitdiyi «Aşıq Qərib» dastanı əsasında yazmışdır. Rayonda azərbaycanlılara bərabər digər xalqların və etnik qrupların nümayəndələri yaşayır: ləzgilər, ruslar (malakanlar), yəhudilər, lahıclar, qədim albanların nəslindən olan hapıtlar. Azərbaycanda məşhur olan İvanovka kəndində vaxtilə Rusiyadan bu diyara köçüb gəlmiş malakanlar nəslinin davamçıları yaşayır. Bu yerlərin sakinləri - əməksevər insanlar öz qədim ənənələrini və mədəniyyətlərini qoruyub saxlayıblar. İsmayıllı rayonunda xalq sənəti ənənləri çox güclüdür. Qalacıq, Təzəkənd və başqa kəndlərdə hələ də xalçaçılıqla məşğul olurlar. Adı VII əsrdən məlum olan, Girdimançayın sahilində, dəniz səviyyəsindən 1200 metr yüksəklikdə yerləşən Lahıc kəndi xüsusilə məşhurdur. Dağlar qoynunda salınmış bu kiçik şəhər Azərbaycanın ən məşhur sənətkarlıq mərkəzlərindən biridir. Burada misdən döymə üsulu ilə hazırlanan silahlar və qablar Lahıcı çoxdan məşhurlaşdırıb. Lahıcı ustaların düzəltdiyi qablar və silahlar bütün Qafqazda çox həvəslə alınırdı. Lahıcdakı emalatxana və dükanların demək olar ki, hamısı qəsəbənin mərkəzi küçəsi boyunca yerləşmişdir. Mövcud çətinliklərə baxmayaraq öz əcdadlarının işlərini davam etdirən yerli sənətkarlar - misgərlər, sərraclar, döymə işi ustaları, dulusçular, dəmirçilər, papaqçılar az deyil. Lahıc və Basqal kəndlərində tarix-mədəniyyət qoruqları yaradılmışdır. Buradakı tarixi abidələr mühafizə olunur. Basqal kəndində XVII əsrə aipd məscid və hamam, Lahıc kəndində isə Bədöyün məscidi, Zəvəro məscidi (1791-ci il), Ağoli məscidi və Zəvəro bulağı mühafizə olunur. Rayonun başqa yerlərində də çoxsaylı qədim abidələr var. Xanagah kəndindəki Qız Qalası (VII əsr), Sulut kəndində adına rəvayətlər qoşulmuş Fitdağ qalası (XVIII əsr) bu cür abidələrdəndir. Rəvayətə görə, eramızdan əvvəl IV əsrdə Makedoniyalı İsgəndər bu yerlərdə dincəlməyə dayanıbmış. Hökmdarın sərəncamlarını hamıya çatdırmaq üçün onun carçıları dağın zirvəsinə çıxaraq, qızıl boruları götürüb fit verirlərmiş. O vaxtdan həmin dağ «Fit dağ» adlanır. Qalacıq kəndinin yaxınlığında Qasımxan qalasının qalıqları var. Girdimiançayın sol sahilində, dağın uca zirvəsində ilkin orta əsrlər dövrünə aid başqa bir qalanın xarabalıqları qalır. Bu qalanın tikilməsi Qafqaz Albaniyası hökmdarı Cavanşirin (VII əsr) adı ilə bağlıdır. Sulutda Haram qalası, Qırxotaq qəsri, Cümə məscidi, müdafiə təyinatlı Xirəki səddi də maraqlıdır. Xankəndində Xan qalası (XVII əsr) salamat qalmışdır. Rayonun bir sıra kəndlərində qədim məscidlər, hamamlar və başqa tikililər var. Ümumrespublika dağ turist marşrutları sayılan İsmayıllı - Lahıc - Babadağ - Quba (133 km), İsmayıllı - Lahıc - Şamaxı (105 km); İsmayıllı - Qalacıq - Qəbələ (79 km) marşrutları bu rayonun ərazisindən keçir. Yerli marşrutlar da populyardır: İsmayıllı - Lahıc (47 km), İsmayıllı - Basqal - Xankəndi - Sulut (36 km), İsmayıllı -Talıstan - Cavanşir qalası (7 km), İsmayıllı - Qalacıq - Qasımxan qalası (38 km), İsmayıllı - Qalagah - Mollaisaqlı (44 km). Harada qalmaq olar «Talıstan» moteli Tel. 5 36 32 (bir nəfər üçün 15.000-25.000 manat). «Qız Qalası» istirahət zonasında yaxşı dincəlmək olar. Harada nahar etmək olar Şəhər parkında yerləşən «Gülüstan» restoranı Tel. (50) 333 44 71 həmişə turistlərin üzünə açıqdır.