Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi

Ağsu şəhəri
Ağsu rayonun inzibati mərkəzi Ağsu şəhəri Şamaxıdan 37 km aralıda Ağsu çayının sahilində yerləşir. Azərbaycanda «Ağsu» adlı çaylar çoxdur. Onların bu cur adlanmasının səbəbi çox sadədir: onların hər biri öz mənbəyini qarlı dağlardan götürür, buna görə də «təmiz su, şəffaf su, şəffaf su» mənasını verən «Ağsu» sözü ilə adlanır. Ağsuya gedən yol məşhur Ağsu aşırımdan keçir. Uzunluğu 14 km olan bu aşırımın ən uca nöqtəsi dəniz səviyyəsindən 900 metr yüksəklikdə yerləşir. Aydın havada buradan ətrafa tamaşa edəndə Şirvan vadisinə gözəl bir mənzərə açılır. Bu yerlərin ucu-bucağı görünməyən əzəmətli panoramı yolçuları heyran edir. Aşırım dumana bürünəndə isə buradan maşınla gedən adamların hər biri sanki buludların arası ilə hərəkət etdiyini güman edir. Rayonda üzüm emalı və ipək qurdu baraması emalı üzrə müəssisələr fəaliyyət göstərir. Ağsuda toxunan «Biso», «Qaşed» və «Pirhəsənli» xalçaları çox məşhurdur. Ağsu şəhərinin görməli yerləri sırasında tarixi muzeyini, bu yaxınlarda tikilmiş məscidi, 20 yanvar şəhidlərinin xatirə memorialını və oricinal üslubda tikilmiş vergi idarəsi binasını xüsusi qeyd etmək lazımdır. Vaxtilə Ağsudan 4 km aralıda Yeni Şamaxı adlı yaşayış yeri mövcud olmuşdur. 1734-cü ildə Nadir şah Şamaxını yerlə yeksan edəndən sonra salamat qalmış şəhər sakinlərinin həmin yerə köçürülməsini əmr etmişdir. Həmin şəhərin xarabalıqlarını yerli sakinlər «Xaraba şəhər» adlandırırlar. Ağsu şəhərində 3 km aralıda yerləşən Şeyx Dursun məqbərəsi 1382-ci ildə ucaldılmışdır. 1457-ci ildə ucaldılmış Şeyx Mezid məqbərəsinin daha zəngin görkəmi bundan əvvəl adını çəkdiyimiz abidənin memarlıq simasını kölgədə qoyur. Şeyx Mezid məqbərəsinin fasadının və interyerinin tərtibatında müxtəlif rəngli kaşıdan istifadə edilmişdir. Şəhərdən bir qədər cənub-qərbdə «Ağ Gunbəz» məqbərəsi, Ağsunun şərqində - XVIII əsrə aid tikililərin xarabalıqları, Gürcüvan kəndində isə Qız Qalası turistlər üçün maraqlı obyektlər sayılır. Harada qalmaq olar Şəhərin mərkəzində bütün şəraiti olan mehmanxana var. Harada nahar etmək olar «Gülüstan», «Mənzərə» restoranları qonaqlara müxtəlif yeməklər təklif edir.